2022-ci ilin 7 ayı ərzində Azərbaycanda 8,843 min kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 35,3% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Qeydiyyatdan keçmiş kommersiya qurumlarının 71,3%-i elektron qaydada, 28,7%-i kağız daşıyıcılarda edilmiş müraciətlər əsasında qeydə alınıb.
Onlardan 1,529 mininin (ümumi qeydiyyatın 17,3%-i) ƏDV-nin məqsədləri üçün qeydiyyata alınması ilkin qeydiyyat proseduru çərçivəsində təmin edilib.
Hesabat dövründə qeydiyyatdan keçmiş kommersiya qurumundan 6,724 mini (76%) yerli investisiyalı, 2,119-u (24%) xarici investisiyalı qurumlardır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə yerli investisiyalı kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatının sayı 12,5% artıb.
Yanvar-iyul ayları ərzində vergi ödəyicilərinin ümumi sayında hüquqi şəxslərin xüsusi çəkisi 12,4% olmaqla 0,2% artıb. Kommersiya qurumlarının sayı 154,379 min vahid təşkil edib və 9,7% artıb.
2022-ci ilin avqust ayının 1-nə respublika üzrə uçotda olan 1 milyon 370,252 min vergi ödəyicisinin 87,6%-i fiziki şəxs, 12,4%-i hüquqi şəxs və digər təşkilatlar olub. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 6,9%, o cümlədən fiziki şəxslərin sayı 6,7% (ümumi artımın 84,3%-i), hüquqi şəxslərin sayı 8,9% (ümumi artımın 15,7%-i) artıb.
2022-ci il avqust ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 89,3%-i məhdud məsuliyyətli cəmiyyət, 1,4%-i səhmdar cəmiyyət, 1,2%-i kooperativ və s. formalarda yaradılıb. Qeyd olunan tarixə 18,959 min xarici investisiyalı kommersiya qurumu dövlət qeydiyyatından keçib, ötən illə müqayisədə fəaliyyəti aktiv xarici investisiyalı kommersiya qurumlarının sayı 21,5% artıb.
2022-ci ilin avqust ayının 1-nə 364 publik hüquqi şəxs dövlət qeydiyyatına alınıb.*
X,Nəsirzadə