Bakı İrəvandan bölgədə təxribatlara son qoymağı və öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyi tələb edir. Bunu xarici işlər naziri Ceyhun Bayramov deyib.
Onun sözlərinə görə, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində gərginliyin əsas səbəbi 44 günlük Vətən müharibəsi başa çatdıqdan və 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın imzalanmasından sonrakı təxminən 1 il 9 ay müddətində Ermənistanın öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsidir.
“Öhdəliklər dedikdə, erməni silahlı qüvvələrinin hələ də Qarabağı tərk etməməsini nəzərdə tuturam. Üçtərəfli bəyanatda Ermənistan belə bir öhdəlik götürmüşdü. Sülhməramlılar bölgəyə daxil olduqda, erməni silahı qüvvələri oradan çıxmalı idi. Lakin orada hələ də erməni silahlı qüvvələri mövcuddur. Onlar avqustun 3-də növbəti dəfə təxribata əl atdılar və gənc bir əsgərimiz şəhid oldu. Buna cavab olaraq Azərbaycan Silahlı Qüvvələri “Qisas” əməliyyatını başlatdı. Bu əməliyyatda düşmənə sarsıdıcı zərbələr endirildi. Vasitəçilərin müraciətləri əsasında avqustun 3-ü axşam saatlarında bu əməliyyat dayandırıldı”, - deyə XİN başçısı Türkiyə KİV-nə müsahibəsində bildirib.
O əlavə edib ki, “Qisas” əməliyyatı Azərbaycandakı qanunsuz erməni silahlı birləşmələrinə qarşı həyata keçirilmişdi.
“Ermənistandan təxribatlara son verməsini tələb edirik. Ermənistan öhdəliklərini tam şəkildə yerinə yetirməlidir. Gələcəkdə bənzər bir addım atmamalıdır. Azərbaycanın bu məsələyə yanaşması konkretdir. Azərbaycanın ərazi bütövlüyü tam şəkildə təmin ediləcəkdir. Azərbaycan öz suveren torpaqlarında hər hansı qanunsuz erməni silahlı birləşmələrinin mövcudluğuna icazə verməyəcək. Bu tələbimiz qüvvədə qalır. Bu, dəfələrlə səsləndirilib. Hesab edirik ki, erməni tərəfi buna çox ciddi yanaşmalıdır”, - deyə C.Bayramov vurğulayıb.*
N.Abbasova