Avqustun 9-da Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə Moldovanın əmək və sosial müdafiə naziri Marçel Spatar arasında videokonfrans formatında görüş olub. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Görüşdə Azərbaycanla Moldova arasında sosial müdafiə sahəsində ikitərəfli əlaqələrin inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb.
Nazirliklər arasında əməkdaşlığın hüquqi bazasının gücləndirilməsinin vacibliyini qeyd edən S.Babayev “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Moldova Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu” layihəsi üzrə hazırlıq işlərinin aparıldığını nəzərə çatdırıb.
Azərbaycanda sosial sahədə həyata keçirilən islahatları yüksək qiymətləndirən M.Spatar hər iki nazirliyin bu prosesdə fəal təcrübə mübadilələrinin önəmini qeyd edib. Ölkəsinin əmək və sosial müdafiə sahəsində ciddi islahatlara hazırlaşdığını söyləyən nazir Spatar Azərbaycanın DOST təcrübəsinin yaxından öyrənilməsi və tətbiqində maraqlı olduqlarını bildirib.*
X.Nəsirzadə