2022-ci ilin iyul ayında Azərbaycanda inflyasiya iyunda 0,1% deflyasiyaya qarşı 0,5% səviyyəsində qeydə alınıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“İyul ayında respublikada inflyasiya 0,5% təşkil edib. Ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 0,1%, qeyri-ərzaq mallarının qiymətləri 0,4%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 0,4% bahalaşıb”, - Komitədən bildirilir.
2022-ci ilin iyul ayında inflyasiya 2021-ci ilin iyul ayı ilə müqayisədə 13,7% təşkil edib. Həmçinin, 2022-ci ilin iyul ayında ərzaq malları 2021-ci ilin iyul ayı ilə müqayisədə 20,3% bahalaşıb.
Statistik məlumatlara əsasən, iyulda ət və ət məhsulları 0,4%, çörək məmulatları – 1%, spirtli içkilər – 0,2%, süd məhsulları – 0,6%, mineral və sərinləşdiriici içkilər – 1,1%, kərə və bitki yağları – 1,2%, yumurta – 1,8% bahalaşıb.
İyulda meyvə 0,9%, balıq və balıq məhsulları – 0,2%, tərəvəz – 2,9% ucuzlaşıb. Tütün məmulatlarının qiymətləri dəyişməyib.
İyul ayının sonuna Azərbaycanda orta illik inflyasiya 13% (iyun ayının sonuna 12,9%) təşkil edib. Ərzaq məhsulları üzrə orta illik inflyasiya 18,7%, qeyri-ərzaq malları üzrə 7%, xidmətlər üzrə 10,1% təşkil edib.
2021-ci ildə orta illik inflyasiya 6,7% təşkil edib.
İqtisadiyyat Nazirliyi 2022-ci ildə Azərbaycanda orta illik inflyasiyanı 12,5% səviyyəsində proqnozlaşdırır. **
N.Abbasova