Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü Əlcəzairin xarici işlər və xaricdəki milli icma naziri Ramtan Lamamranı qəbul edib. Tərəflər müxtəlif sahələrdə münasibətlərin genişlənməsini müzakirə ediblər.
“Prezident İlham Əliyev Əlcəzairin Qoşulmama Hərəkatı çərçivəsində ölkəmizin irəli sürdüyü təşəbbüslərə, eləcə də Azərbaycanın təşkilata sədrlik müddətinin uzadılması ilə bağlı qərara verdiyi dəstəyi yüksək qiymətləndirdi. Prezident həmçinin OPEC+ formatında da Azərbaycanla Əlcəzairin uğurlu əməkdaşlıq həyata keçirdiyini vurğuladı”, - dövlət başçısının mətbuat xidməti məlumat verir.
Əliyev gələcəkdə əməkdaşlığın daha səmərəli və fəal şəkildə aparılması üçün bir çox sahələrin mövcud olduğunu qeyd edib, iqtisadi, ticarət, biznes və enerji sahələrində əlaqələri genişləndirməyin zəruriliyini bildirib.
Öz növbəsində, Lamamra Azərbaycan ilə Əlcəzair arasında qarşılıqlı etimadın mövcudluğunu məmnunluqla qeyd etdi. Onun sözlərinə görə, “bu bir çox sahələrdə əməkdaşlığın möhkəmlənməsi üçün çox səmərəli nəticələr verə bilər”. **
E.Şəfiyev