Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisi artıq yekunlaşıb. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatında deyilir.
“Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində dövlətimizin başçısının tapşırığı ilə icra olunan mühüm yol infrastrukturu layihələrindən biri də Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisidir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan tikinti işləri artıq yekunlaşıb”, - deyə məlumatda bildirilir.
Yol III texniki dərəcəyə uyğun inşa olunub. Yoxuşlarda 3, digər hissələrdə 2 hərəkət zolaqlı olan yolun layihə üzrə hərəkət hissəsinin eni 7-10,5 metr, torpaq yatağının eni 12-15 metr, çiyin hissələrin eni isə 2x2,5 (5 metr) metr təşkil edir.
“Layihə çərçivəsində uzunluğu 149,5 metr, eni 13,5 metr təşkil edən 4 aşırımlı avtomobil körpüsü inşa edilib. Layihənin sonuncu mərhələsində yola üfüqi nişanlanma xətləri çəkilib, zəruri yerlərdə yol nişanları və mühafizə səddi quraşdırılıb”, - deyə məlumatda qeyd olunur.
Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisinə 2021-ci ilin iyul ayında başlanılıb. Yolun ümumi uzunluğu 32 kilometr təşkil edir (bundan 10 kilometr Ermənistan ərazisində yerləşir).*
N.Abbasova