Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində “MİDA” MMCsentyabrın 15-dən Bakı şəhəri, Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi (Yasamal-2) çərçivəsində 18 binada ümumilikdə 815 mənzilin satışına başlayacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi MİDA-ya istinadən məlumat verir.
1 otaqlı mənzillərin qiyməti 33,222 min manatdan, 2 otaqlı mənzillərin qiyməti 53,732 min manatdan, 3 otaqlı mənzillərin qiyməti 68,904 min manatdan, 4 otaqlı mənzillərin qiyməti 91,295 min manatdan başlayır. Mənzillərin satış qiymətinə ƏDV daxildir. Mənzillərin satışı həm İpoteka və Kredit Zəmanət Fondunun güzəştli ipoteka krediti vəsaitindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə nəzərdə tutulub.
Mənzilə öz vəsaiti hesabına birdəfəlik ödəniş edərək sahib olmaq istəyən vətəndaş üçün mənzillərin satışı aşağıdakı qiymətlərdən başlayır:
1 otaqlı mənzillərin qiyməti – 29,9 min manatdan,
2 otaqlı mənzillərin qiyməti – 48,359 min manatdan,
3 otaqlı mənzillərin qiyməti – 62,014 min manatdan
4 otaqlı mənzillərin qiyməti – 82,166 min manatdan.
Mənzilə güzəştli ipoteka krediti vasitəsilə sahib olmaq istəyən vətəndaş minimal ilkin ödənişdən artıq ödənilən məbləğə görə, mənzilin satış qiymətini tam həcmdə öz vəsaiti hesabına birdəfəlik ödəyən vətəndaş isə bütün məbləğə əlavə 10% endirim əldə edəcək. İpoteka krediti illik 4% dərəcəsi ilə 3 ildən 30 il müddətinədək verilir.
Yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdirlər. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq, mənzillərin seçimində bərabər hüquqa malikdirlər. Həmin şəxslər elektron kabinetlərində “Satış/Mənzillər” bölməsinə daxil olaraq “erkən gələnə erkən xidmət” prinsipi (satış başladığı anda sistemə daxil olaraq mənzili ilk seçən şəxslər onu almaq imkanı əldə edirlər) əsasında mənzilləri seçə biləcəklər.
Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur.
Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında, Qanlı Gölün şimal hissəsində yerləşir. Ümumi sahəsi 15,4 hektar təşkil edən yaşayış kompleksinin təməli 2018-ci il dekabrın 26-da Prezident İlham Əliyevin iştirakı ilə qoyulub.
Yeni yaşayış kompleksi 22 doqquzmərtəbəli və 18 onikimərtəbəli olmaqla 40 binadan ibarətdir. Bu binalarda ümumilikdə 2202 mənzil olacaq ki, onlardan 160-nın birotaqlı, 114-nün studio tipli, 674-nün ikiotaqlı, 1128-nin üçotaqlı, 126-nın isə dördotaqlı olması nəzərdə tutulur. Bütün mənzillər tam təmirli və mətbəx mebeli ilə təchiz olunmuş vəziyyətdə vətəndaşlara təklif olunacaq.
Yaşayış binaları ilə yanaşı, ərazidə sosial-məişət obyektlərinin, uşaq oyun meydançalarının, üç uşaq bağçasının və 1200 şagird yerlik orta təhsil məktəbinin istifadəyə verilməsi nəzərdə tutulub.**
N.Abbasova