Azərbaycanda buğda və taxıl ilə əlaqədar problem müşahidə olunmur. Bu barədə prezident İlham Əliyev bəyan edib.
“Bildiyiniz kimi, Rusiya-Ukrayna müharibəsi nəticəsində bir çox ölkələr fiziki cəhətdən öz əhalisini buğda ilə, taxılla təmin edə bilmirlər. Çünki taxılın əsas ixtracatçıları Rusiya və Ukrayna olduğu halda, indi müharibə əlbəttə ki, bu məsələdə çox böyük əngəllər törətmişdir. Ancaq Azərbaycanda bu sahədə heç bir problem yoxdur”, - Əliyev cümə günü Azərbaycan Televiziyasına (AzTV) müsahibəsində deyib.
Prezident qeyd edib ki, Azərbaycan ənənəvi olaraq taxılı və gübrəni Rusiyadan idxal edir.
“Rusiyalı tərəfdaşlarımızla əldə edilmiş razılaşmalar nəticəsində Azərbaycana istədiyimiz qədər həm gübrə, həm də taxıl ixrac ediləcək və edilir”, - Əliyev qeyd edib.
Prezident əlavə edib ki, Azərbaycan öz tərəfindən həm də karbamid gübrəsi istehsalçısı və ixracatçısıdır, lakin digər gübrələr ölkəyə idxal edilir.
“Bütün bu amillər reallıqdır… Özümüzü bütün problemlərdən tam sığortalamaq üçün əməli işlər aparırıq və aparacağıq. Əminəm ki, növbəti illərdə həm bu gün mövcud olan əkin sahələrində daha bol məhsul götürmək üçün suvarma layihələri, düzgün aqrotexniki tədbirlərin görülməsi və digər tədbirlər, subsidiyalar nəticəsində biz məhsuldarlığı böyük dərəcədə artıra biləcəyik”, - Azərbaycan lideri vurğulayıb. **
X.Nəsirzadə