Qazaxıstanın energetika naziri Bolat Akçulakov payızdan etibarən Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə Qazaxıstanın 1,5 milyon ton neft nəql etmək niyyəti ilə əlaqədar məlumatı təkzib edib.
“Bu xəbəri oxudum, əslində, neft nəqlinə dair (BTC ilə - İF-Q) hər hansı saziş imzalayacağımızı düşünmürəm. Belə texniki məsələlər milli şirkətlər səviyyəsində müzakirə olunur, nəzərdən keçirilir, çünki bu cür vəzifə qoyulur. Lakin söhbət, qeyd olunduğu kimi, sentyabrda neft ötürülməsi üzrə sazişin imzalanmasından getmir”, - Akçulakov Atırauda brifinqdə bildirib.
“Bu həcmin bizə ixrac istiqamətləri ilə bağlı problemi həll etməyə köməklik edəcəyini hesab etmək gülməlidir. (…) Birincisi, bu xilas etmir, bu həcm həyatı yüngülləşdirmir, ikincisi, nazirliyimizin bu cür saziş imzalamaq planları yoxdur”, - o qeyd edib.
Nazir dəqiqləşdirib ki, milli şirkətlər səviyyəsində bu cür danışıqlar aparıla bilər, lakin bu cür sazişlər “birmənalı olaraq respublikanın Energetika Nazirliyi ilə razılaşdırılmalıdır”.
Daha əvvəl KİV mənbələrə istinadən məlumat verib ki, hazırki payızdan etibarən Qazaxıstan illik BTC ilə 1,5 milyon ton neft nəql etməyi planlaşdırır. Avqustun sonunda “KazMunayQaz” ilə SOCAR şirkətləri arasında müvafiq müqavilə imzalana bilər. Bir aydan sonra isə Qazaxıstan neftinin BTC ilə nəqlinə başlanacaq. Daha 3,5 milyon ton Qazaxıstan nefti 2023-cü ildə Azərbaycanın digər boru kəməri ilə Gürcüstanın Supsa Qara dəniz limanına nəql oluna bilər. **