Ermənistan Fövqəladə Hallar Nazirliyinə İrəvan Metropoliteni, ən mühüm hərbi və mülki obyektlərdə partlayıcı qurğuların yerləşdirilməsi barədə məlumatlar daxil olub.
“Avqustun 14-də saat 16:46 radələrində Ermənistan FHN-nin Böhran İdarəetmə Mərkəzinə İrəvan Metropoliteni, ən mühüm hərbi və mülki obyektlərdə, bütün ticarət mərkəzlərində, zoologiya parkında, parlamentdə, Müqəddəs Qriqori kilsəsində partlayıcı qurğuların yerləşdirilməsi barədə məlumatlar daxil olub”, - Ermənistan FHN-nin mətbuat xidməti məlumat verir.
Kinoloqlar və xilasedicilər, mühəndis-istehkamçı dəstələr aidiyyəti yerlərə yönləndirilib.
“Təhlükəsizlik nöqteyi-nəzərdən vətəndaşların təxliyəsi həyata keçirilir”, - FHN-dən qeyd olunub.
Öz növbəsində, İrəvan Metropolitenin mətbuat katibi Tatev Xaçatryan sosial şəbəkədə məlumat verib ki, saat 17:10-da FHN-ə metropolitenin bütün stansiyalarında partlayıcı qurğuların yerləşdirilməsi barədə məlumat daxil olub.
“Hazırda sərnişin daşımaları dayandırılıb”, - Xaçatryan qeyd edib. **