“Yelo Bank”ın nizamnamə kapitalındakı iştirak strukturunda dəyişiklik edilib.
“Yelo Bank”dan “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, bankın əsas səhmdarı olan “Topaz Investments Limited” MMC (2021-ci ilin sonuna 95,68% pay) səhmdarlar sırasından çıxıb.
“Yelo Bank”ın Müşahidə Şurasının sədri Marina Kulişova “Topaz Investments Limited” MMC-nin səhmlərini alaraq mövcud payını artırıb. Nəticədə Marina Kulişovanın səhm payı 4,22%-dən 98.91%-ə çatıb.
Bundan başqa, “Yelo Bank”ın İdarə Heyətinin sədri Anar Həsənov da 0,99% payla artıq səhmdarlar sırasında yer alıb.
İsgəndər Xəlilovun səhm payı isə dəyişilməz (0,1%) olaraq qalıb.
Anar Həsənov Marina Kulişovanın səhm payının artırılmasının hələ 2019-cu ildə qəbul edilmiş transformasiya strategiya planının növbəti məntiqi addımı olduğunu qeyd edib: “2016-cı ildən etibarən “Yelo Bank”ın səhmdarı kimi Marina xanımın bankın fəaliyyətində xüsusi iştirakı və mühüm rolu olub. O, öz uğurlu korporativ idarəçilik təcrübəsini gətirməklə yanaşı, bankın kapitalının artırılmasında iştirak edib və dəstəyini göstərib. Bununla da bankın transformasiya mərhələsindən uğurla keçməsinə öz töhfəsini verib. Onun rəhbərliyi ilə 2021-ci ildən başlatdığımız 3 illik strategiya planımızın hədəflərini bütün göstəricilər üzrə üstələməyi bacarmışıq. Bankın gələcəyi ilə bağlı gözləntilərimiz də olduqca optimistikdir. Səhmdarlar və rəhbərliklə birgə növbəti illərdə “Yelo Bank”ın lider bankların arasında öz güclü mövqeyini qorumasını hədəfləmişik. Bankımız real sektora, xüsusən də regionlarda kiçik və orta sahibkarlığa maliyyə dəstəyini gücləndirməyə və ölkə iqtisadiyyatının inkişafına töhfə verməyə davam edəcək”.
“Yelo Bank” Azərbaycanda 1994-cü ildən fəaliyyət göstərir. Bankın nizamnamə kapitalı 378 milyon manata bərabərdir.*
A.Əzizov