2022-ci ilin yanvar-iyun aylarında Azərbaycan əhalisinin sayı 29 min 418 nəfər və ya 0,3% artaraq 2022-ci il iyulun 1-nə 10 milyon 185,784 min nəfər təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Əhalinin 52,9%-i şəhər, 47,1%-i isə kənd sakinləridir. Əhalinin 50%-ni kişilər, 50%-ni qadınlar təşkil edir.
Yanvar-iyun aylarında ölkə üzrə 61 min 234 doğulan körpə qeydə alınıb ki, bu da bir il əvvəllə müqayisədə 9,2% çoxdur və əhalinin hər 1000 nəfərinə bu göstərici 12,3 təşkil edib. Doğulan uşaqlar arasında oğlanların xüsusi çəkisi 52,7%, qızların xüsusi çəkisi isə 47,3% olub. Körpələrdən 1,726 mini əkiz, 87-si üçəm doğulub.
Bu dövrdə 32 min 589 ölüm halı qeydə alınıb və əhalinin hər 1 min nəfərinə ölənlərin sayı 6,5 təşkil edib. 2021-ci ilin yanvar-iyun aylarında bu göstərici 7,5 olub.
Cari ilin yanvar-iyun aylarında ölkədə qeydiyyat şöbələri tərəfindən 28,785 min nikah (2021-ci ilin yanvar-iyun ayları ilə müqayisədə artım 23,9%) və 7,531 min boşanma halı (azalma 7,8%) qeydə alınıb.
Hesabat dövründə Dövlət Miqrasiya Xidməti və Daxili İşlər Nazirliyi tərəfindən Azərbaycana daimi yaşamaq üçün 1215 nəfər gələn və 442 nəfər ölkədən gedən qeydə alınıb.*
X.Nəsirzadə