Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 15-də Qırğız Respublikasının Nazirlər Kabinetinin sədr müavini Bakıt Torobayevi qəbul edib.
“Dövlət başçısı Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Bakıda keçiriləcək iclasına toxunaraq, bu formatın iqtisadi və digər sahələrdə qarşılıqlı fəaliyyətin möhkəmlənməsi işinə xidmət edəcəyinə ümidvarlığını bildirib”, - deyə prezidentin saytında dərc olunmuş məlumatda qeyd olunur.
İ.Əliyev Qırğız Respublikasının Prezidentinin bu il ölkəmizə səfəri zamanı əməkdaşlığın geniş gündəliyi ilə bağlı səmərəli danışıqların aparıldığını deyib. O bildirib ki, səfər çərçivəsində ikitərəfli əlaqələrin möhkəmləndirilməsi, beynəlxalq təşkilatlarda əməkdaşlıq, Azərbaycanın Qırğızıstana investisiya qoyuluşu və əməkdaşlığın digər sahələrini əhatə edən məsələlərlə bağlı müzakirələr aparılıb.
Dövlət başçısı Azərbaycanın beynəlxalq nəqliyyat potensialına digər ölkələrin, o cümlədən Mərkəzi Asiya ölkələrinin getdikcə daha böyük maraq göstərdiyini bildirib, eyni zamanda, Mərkəzi Asiya regionunda da Xəzər dənizi hövzəsinə çıxan yeni dəmir yolu şəbəkələrinin yaradılması ilə bağlı planların da əhəmiyyətini vurğulayıb.
“Söhbət zamanı kənd təsərrüfatı, energetika, investisiya qoyuluşu ilə bağlı gələcək əməkdaşlıq məsələləri müzakirə olunub”, - deyə məlumatda qeyd olunur.*
E.Şəfiyev