2022-ci ilin yanvar-iyun aylarında Azərbaycana 37 min 771,2 ton mineral gübrə idxal edilib ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 60,9% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Ölkəyə idxal olunan mineral gübrələrin ümumi dəyəri $30 milyon 745,5 min (artım 11,8%) təşkil edib.
Bundan başqa, I yarımillikdə Azərbaycana $2 milyon 811 min dəyərində (artım 61,3%) 14 min 803,8 ton sement və sement klinkeri (artım 52,3%) idxal edilib.
Hesabat dövründə respublikaya $29 milyon 974,9 min dəyərində (artım 2,2 dəfə) 19 min 381,3 ton polietilen (artım 82,1%) idxal edilib.
Yanvar-iyun aylarında Azərbaycana $120 milyon 28,2 min dəyərində 102,501 min ton poladyayma məhsulu (artım 12,4%), $37 milyon 388,2 min dəyərində 44,025 min ton qara metaldan hazırlanan çubuqlar (artım 31,4%), $12 milyon 52,1 min dəyərində 10 min 883,5 ton qara metaldan hazırlanan günyə (azalma 11%), $74 milyon 151,6 min dəyərində 44,274 min ton qara metaldan hazırlanan boru (azalma 10,8%) idxal edilib.*
N.Abbasova