Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycan lideri İlham Əliyevi onun üçün münasib bir vaxtda Bişkekə səfərə dəvət edib.
Dəvəti Qırğız Respublikasının Nazirlər Kabinetinin sədr müavini Bakıt Torobayev avqustun 15-də Bakıda Prezident İlham Əliyevlə görüş zamanı çatdırıb.
“İnterfaks-Azərbaycan” agentliyi Qırğızıstanın Nazirlər Kabinetinə istinadən xəbər verir ki, görüşdə Torobayev Japarovun salamlarını və ən xoş arzularını, həmçinin münasib bir vaxtda Qırğız Respublikasına rəsmi səfər dəvətini Əliyevə çatdırıb.
Torobayev Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 4-cü iclasında iştirak etmək üçün Bakıya gəlib.
Məlumata görə, Əliyev Torobayevlə görüşdə ticarət-iqtisadi, nəqliyyat-logistika, investisiya, hərbi-texniki və humanitar əməkdaşlıq da daxil olmaqla, müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıb.*
E.Şəfiyev