2022-ci ilin yanvar–iyun ayları ərzində Azərbaycanın hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən 2540,7 kiloqram və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,9% az narkotik vasitə və psixotrop maddə müsadirə edilib.
Dövlət Statistika Komitəsindən “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin və psixotrop maddələrin 1256,0 kiloqramını heroin, 873,8 kiloqramını marixuana, 268,2 kiloqramını tiryək,11,4 kiloqramını həşiş, həşiş yağı və qətranı, 0,3 kiloqramını kokain, 131,0 kiloqramını isə digər narkotik və güclü təsiredici vasitələr təşkil edib.
Daxili İşlər Nazirliyinin məlumatlarına əsasən, 2022-ci ilin yanvar-iyun ayları ərzində ölkədə qeydə alınmış cinayət hadisələrinin 5768-i narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olub ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 39,2% çoxdur. Onların 59,9%-ni satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, 35,4%-ni eyni hərəkətləri satış məqsədilə etmə, habelə bu maddələri istehsal etmə, göndərmə, yaxud qanunsuz olaraq satma, 3,6%-ni qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə, 1%-ni güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi, 0,1%-ni isə digər cinayətlər təşkil edib.
Cinayət törətmiş şəxslərin 73,2%-ni heç yerdə işləməyən və oxumayanlar, 2,7%-ni qadınlar təşkil edib. Cinayət törədənlərin 0,2%-i 14-17 yaşda olan uşaqlar, 7,6%-i 18-24 yaşlı, 17,5%-i 25-29 yaşlı gənclər, 74,7%-i isə 30 və yuxarı yaşlı şəxslər olub.
Bununla yanaşı, cari ilin birinci yarısında sözügedən məsələ ilə bağlı inzibati xəta törətmiş 915 nəfər inzibati məsuliyyətə cəlb olunub ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 35,4% çoxdur.*
E.Şəfiyev