“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) kran gəmisi “Abşeron” yatağının kəşfiyyatı və işlənməsi layihəsi çərçivəsində dəniz əməliyyatlarına cəlb olunub.
“2500 ton yükqaldırma qabiliyyətinə malik “Azərbaycan” kran gəmisi “Abşeron Erkən Hasilat Platforma Kompleksi”nin üst tikililərinin “Abşeron” yatağına nəqli və dayaq blokunun üzərində quraşdırılması əməliyyatlarına cəlb olunub”, - deyə ASCO-nun məlumatında bildirilir.
Bu məqsədlə Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda hazırlanan üç ədəd üst tikilinin ikisi – “AMO-2” və “AMO-1” modulları kran gəmisinin köməkliyi ilə barjalara yerləşdirilib. “AMO-3” modulu isə “Azərbaycan” kran gəmisinin öz göyərtəsinə yüklənib.
“Üst tikililər “Abşeron” yatağına çatdırıldıqdan sonra “Azərbaycan” kran gəmisi burada onların dayaq blokunun üzərində quraşdırılmasında iştirak edəcək”, - deyə məlumatda qeyd olunur.
“Abşeron” yatağının işlənməsi ilə “SOCAR Absheron” (50%) və “TOTAL E&P Absheron” (50%) tərəfindən təsis edilmiş “Joint Absheron Petroleum Operating Company” (JOCAP) məşğul olur. Müqavilə 30 il müddətinə imzalanıb. Müqavilə sahəsi 747 kv. km təşkil edir.
“Abşeron” bloku Bakıdan 100 km məsafədə, dənizin 500 metr dərinliyində yerləşir. Yataq 350 milyard kubmetr qaz və 45 milyon ton kondensat ehtiyatına malikdir.
2019-cu ildə SOCAR və “Total” “Abşeron” yatağında 7411 metr dərinlikdə ABD-001 hasilat və qiymətləndirmə quyusunda qazma işlərini başa çatdırıb. Yataq 350-360 milyard kubmetr qaz və 100 milyon ton kondensat ehtiyatına malikdir. Yataq mərhələli şəkildə işlənəcək.
Birinci mərhələdə ildə 1,5 milyard kubmetr qaz hasil olunacaq. Layihə çərçivəsində hasilatın pik həddi ildə 5 milyard kubmetrə qədər təşkil edə bilər. Birinci mərhələ çərçivəsində hasil olunan qazın tam həcmi daxili bazara yönəldiləcək. Yataqda, həmçinin gündəlik 10 min barelə yaxın kondensat hasil olunacaq.*
N.Abbasova