2022-ci ilin I yarısında Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının inkişafına yatırılmış investisiyaların ümumi həcmi 1 milyard 76 milyon 411,3 min manat təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə Qarabağ iqtisadi rayonuna investisiyalar 409 milyon 662,2 min manat (yanvar-iyun aylarında Azərbaycan üzrə əsas kapitala yönəldilmiş bütün investisiyaların 6,5%-i) təşkil edib ki, bunun da 393 milyon 474,6 min manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
Ən çox investisiya - 173 milyon 380,8 min manat (Qarabağ üzrə bütün investisiyaların 42,3%-i) Füzuli rayonuna yatırılıb. Daha sonra Ağdam rayonu (73 milyon 745,5 min manat) və Şuşa rayonu (60 milyon 403,4 min manat) gəlir.
2022-ci ilin I yarısında Şərqi Zəngəzur iqtisadi rayonu üzrə əsas kapitala 666 milyon 479,1 min manat vəsait (Azərbaycan üzrə əsas kapitala yatırılan bütün vəsaitin 10,6%-i) yönəldilib ki, bunun da 666 milyon 120,6 min manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
Qeyd olunan vəsaitin böyük hissəsi - 218 milyon 492,1 min manat (Şərqi Zəngəzur üzrə əsas kapitala yönəldilən vəsaitin 32,8%-i) Cəbrayıl rayonuna yatırılıb. Daha sonra Zəngilan rayonu (192 milyon 27,7 min manat) və Laçın rayonu (107 milyon 896,6 min manat) gəlir.
2022-ci ilin yanvar-iyun aylarında əsas kapitala 6 milyard 299,6 milyon manat məbləğində, yaxud 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,7% çox vəsait yönəldilib.*
N.Abbasova