Qırğız Respublikasının Nazirlər Kabinetinin sədr müavini Bakıt Torobayev “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin direktoru Taleh Ziyadovla görüşdə nəqliyyat-logistika sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib.
“İnterfaks-Azərbaycan” agentliyi Qırğızıstan Nazirlər Kabinetinin məlumatına istinadən xəbər verir ki, Torobayev, həmçinin Ələt Azad İqtisadi Zonasında olub.
“Danışıqlar zamanı nəqliyyat-logistika və ticarət-iqtisadi sahələrdə əməkdaşlığın həyata keçirilməsi məqsədilə Qırğızıstan tərəfi ilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Ələt Azad İqtisadi Zonası arasında əlaqələrin qurulması məsələləri müzakirə olunub”, - deyə məlumatda vurğulanır.
Bundan başqa, Torobayev üzvi, üzvi-mineral və bioloji gübrələr, eləcə də torpaq mikroorqanizmlərinin istehsalını həyata keçirən “AqriBioEkoTex LLC” şirkətinin fəaliyyəti ilə də tanış olub.
“Məhsuldarlığın artırılması və torpağın eroziyasına qarşı mübarizə sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb”, - deyə məlumatda qeyd olunur.*
R.Əhmədov