Azərbaycan 2022-ci ilin I yarısında 150 min 806,8 ton AI-92 markalı avtomobil benzini idxal edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 30,2 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
AI-92 markalı avtomobil benzininin idxal dəyəri $173 milyon 403,17 min (artım 72,6 dəfə) təşkil edib.
$125 milyon 645,95 min dəyərində 109 min 184,1 ton AI-92 markalı avtomobil benzini (bütün idxalın 72,4%-i) Rusiyadan, qalan həcm Türkmənistandan ($41 milyon 731,96 min dəyərində 36 min 571 ton), Qazaxıstandan ($3 milyon 998,18 min dəyərində 3 min 526,29 ton) və Rumıniyadan ($2 milyon 27,08 min dəyərində 1 min 525,41 ton) idxal edilib.
Benzin idxalı 2022-ci ilin fevral-iyun aylarında həyata keçirilib.
2021-ci ilin yanvar-iyun aylarında Azərbaycana AI-92 markalı avtomobil benzini Gürcüstandan idxal edilib.
Azərbaycanda AI-92 markalı avtomobil benzini 2022-ci il aprel ayının 4-dən 50 gün müddətinə planlı təmirə dayandırılmış Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda istehsal olunur.
Nazirlər Kabinetinin qərarına əsasən, Azərbaycana idxal edilən AI-95 və AI-92 markalı avtomobil benzininə tətbiq edilən 15% gömrük rüsumu 2022-ci il fevralın 1-dən iyunun 1-dək 15%-dən 0%-ə endirilib.*
N.Abbasova