Tehran Türkmənistan qazının İran vasitəsilə Azərbaycana uğurlu nəql təcrübəsini nəzərə alaraq Türkmənistandan qonşu ölkələrə “mavi yanacaq” tranzitini genişləndirməyə hazırdır. “Mehr” informasiya agentliyinin məlumatına görə, bunu İran xarici işlər nazirinin iqtisadi diplomatiya üzrə müavini Mehdi Səfəri Türkmənistan baş nazirinin müavini Şahım Abdrahmanovla görüşdə deyib.
M.Səfəri vurğulayıb ki, İran iki ölkə arasında neft-qaz sahəsində əməkdaşlığı genişləndirməyə hazırdır.
İran prezidenti İbrahim Rəisi daha əvvəl ölkəsinin öz ərazisindən Azərbaycana nəql etdiyi Türkmənistan qazının həcmini artırmağa hazır olduğunu bəyan etmişdi. İyunun əvvəlində Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və İranın neft naziri Cavad Övci arasında Bakıda imzalanmış Anlaşma Memorandumuna əsasən isə İran üzərindən Azərbaycana nəql olunan Türkmənistan qazının həcmi iki dəfə artırılacaq.
2021-ci il noyabrın 28-də Azərbaycan, İran və Türkmənistan arasında imzalanmış üçtərəfli sazişə əsasən, 2022-ci ilin yanvar ayında Türkmənistan qazının İran ərazisindən Azərbaycana nəqlinə başlanılıb. Azərbaycana ildə 1,5 milyard kubmetr qazın nəql edilməsi planlaşdırılmışdı. Beləliklə, yeni razılaşmalara uyğun olaraq bu həcm ildə 3 milyard kubmetrə qədər artırıla bilər.*