Avqustun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsveç Krallığının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Tobias Lorentzsonun etimadnaməsini qəbul edib.
“İnterfaks-Azərbaycan” agentliyinin dövlət başçısının saytına istinadən verdiyi xəbərə görə, görüşdə İ.Əliyev qeyd edib ki, “biz diqqətimizi əməkdaşlığımızın praktiki məsələlərinə yönəltməliyik - qarşılıqlı ticarətin səviyyəsini neçə artıraq, sərmayə qoyuluşu və müxtəlif layihələrin icrası”.
Prezident daha çox İsveç şirkətinin Azərbaycanda fəaliyyət göstərəcəyinə və ölkələrimiz arasında ticarət dövriyyəsinin artacağına ümidvar olduğunu bildirib. Avropa İttifaqı-Azərbaycan əlaqələrinə toxunan İ.Əliyev bu əlaqələrin uğurla inkişaf etdiyini deyib, əməkdaşlığın son zamanlar yeni mərhələyə qalxaraq təkcə energetika sahəsini deyil, eləcə də nəqliyyat dəhlizləri, ticarət, investisiya və digər sahələri də əhatə etdiyini məmnunluqla bildirib.
Öz növbəsində, T.Lorentzson ticarət və sərmayə qoyuluşunun artırılmasına, ölkələrimiz arasında daha sıx biznes təmaslarının qurulmasına töhfə verə biləcəyinə ümidvar olduğunu deyib.*
E.Şəfiyev