Dövlət Sərhəd Xidməti (DSX) dövlət sərhədini pozaraq Azərbaycandan İrana keçmək istəyən 10 nəfər Şri-Lanka Demokratik Sosialist Respublikası vətəndaşının saxlanılması ilə bağlı məlumat yayıb.
Şri-Lanka vətəndaşları Dövlət Sərhəd Xidmətinin “Horadiz” sərhəd dəstəsinin, Füzuli rayonunun Böyük-Bəhmənli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının arxa istiqamətində saxlanılıblar.
“Aparılan ilkin araşdırma zamanı qeyd olunan əcnəbilərin 25 və 29 iyul tarixlərində ölkə ərazisinə turist qismində rəsmi qaydada gəlmələri, İran vətəndaşı Əlirza adlı şəxsin bələdçiliyi ilə dövlət sərhədini pozaraq Azərbaycandan İran İslam Respublikasına, oradan isə Türkiyəyə keçməklə, Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olmaları müəyyənləşdirilib. Fakt üzrə qeyri-leqal miqrasiya kanalının aşkarlanaraq zərərsizləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir”, - deyə məlumatda qeyd olunur.*
X.Nəsirzadə