Rəsmi Bakı Berlinlə ikitərəfli əməkdaşlığı genişləndirmək niyyətindədir. Bunu Prezident İlham Əliyev deyib.
“Bizim çox geniş gündəliyimiz var və əməkdaşlığın yaxşı tarixi var. Bildiyiniz kimi, alman şirkətləri Azərbaycanda çox geniş təmsil olunub və əminəm ki, onların fəaliyyəti daha da geniş olacaq. Çünki Almaniya ilə Azərbaycan arasında ikitərəfli əlaqələr region üçün və həmçinin ölkələrimiz üçün çox mühümdür”, - deyə dövlət başçısı avqustun 16-da Almaniya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemannın etimadnaməsini qəbul edərkən bildirib.
Azərbaycan-Avropa İttifaqı əlaqələrinə toxunan İ.Əliyev bu əlaqələrin inkişafında Almaniyanın xüsusi rolunu qeyd edərək deyib: “Biz Avropa İttifaqı-Azərbaycan ikitərəfli gündəliyinə verdiyiniz bütün dəstəyə görə minnətdarıq. Bu gündəlik getdikcə genişlənir və bir çox sahələri əhatə edir”.
Prezident Avropa İttifaqı ilə əməkdaşlığın müxtəlif sahələrdə, o cümlədən energetika, nəqliyyat və nəqliyyat dəhlizləri, ticarət, investisiya sahələrində geniş perspektivlərə malik olduğunu vurğulayıb. “Azərbaycan ilə Avropa Komissiyası arasında enerji dialoquna start verilib, bu dialoq təkcə qaz deyil, neft, hidrogen, elektrik enerjisi sahələrini də əhatə edir. Azərbaycan enerji bazarında yalnız ənənəvi olan neft və qaz ilə deyil, həmçinin gələcəkdə elektrik enerjisi, neft, hidrogen və neft-kimya məhsullarının idxalı ilə çox önəmli oyunçuya çevrilməkdədir”, - deyə dövlət başçısı əlavə edib.
Öz növbəsində, R.Horlemann qeyd edib ki, Azərbaycan Almaniyanın regionda ən mühüm iqtisadi tərəfdaşıdır. “Almaniya və Azərbaycan geniş və çoxtərəfli münasibətə, konstruktiv siyasi dialoqa, güclü iqtisadi münasibətlərə malikdir. Biz enerji və bərpaolunan enerji sahələrində böyük potensial görürük”, - deyə səfir vurğulayıb.
Görüşdə işğaldan azad edilmiş torpaqlarımızda aparılan yenidənqurma və bərpa işləri barədə də fikir mübadiləsi aparılıb.*
X.Nəsirzadə