2022-ci ilin yanvar-iyul aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən 12 milyard 704 milyon 180,01 min kubmetr qaz ixrac edib ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 5,3% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Hesabat dövründə Azərbaycandan ixracın ümumi həcminin 36,43%-i (2021-ci ilin yanvar-iyul aylarında 17,68%-i) qaz ixracının payına düşüb.
Azərbaycan qazının ixrac dəyəri $8 milyard 219 milyon 974,17 min (artım 4,1 dəfə) təşkil edib.
DGK Azərbaycan qazının ixrac olunduğu ölkələrin sıralamasını dərc etmir.
2021-ci ildə Azərbaycan 22 milyard kubmetr qaz ixrac edib. Avropaya qaz ixracının həcmi 8,2 milyard kubmetr təşkil edib. 2022-ci ildə ixracın 24 milyard kubmetr, o cümlədən Avropaya ixracın 12 milyard kubmetr həcmində olacağı proqnozlaşdırılır.
Azərbaycan qazının TAP kəməri ilə İtaliya, Yunanıstan və Bolqarıstana nəqlinə 2020-ci il dekabrın 31-də başlanılıb.
Bundan başqa, Azərbaycan qazı Türkiyə (TANAP və Cənubi Qafqaz boru kəməri (CQBK) ilə) və Gürcüstana (CQBK və Qazıməmməd-Qazax qaz kəməri ilə) da ixrac edilir.*
N.Abbasova