Avqustun 16-da Bakı şəhərində Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 4-cü iclasında iki ölkə arasında əməkdaşlığın inkişafı üzrə beşillik proqramın hazırlanması barədə razılıq əldə olunub.
İclasa Azərbaycan Respublikası baş nazirinin müavini Əli Əhmədov və Qırğız Respublikası Nazirlər Kabineti sədrinin müavini Bakıt Torobayev sədrlik ediblər.
Beşillik əməkdaşlıq proqramı hökumətlərarası komissiyanın 2023-cü ildə Qırğızıstanda keçiriləcək 5-ci iclasına qədər hazırlanmalıdır.
“İclasda ticari-iqtisadi, mədəni-humanitar və nəqliyyat-logistika, kənd təsərrüfatı və qida təhlükəsizliyi, əmək, sosial və miqrasiya sahələrində əməkdaşlıq məsələləri nəzərdən keçirilib”, - deyə “İnterfaks-Azərbaycan” agentliyi Qırğızıstan hökumətinə istinadən xəbər verir.
Torobayev bildirib ki, iki ölkə arasında ticari-iqtisadi və investisiya münasibətlərinin genişləndirilməsi üçün ikitərəfli əmtəə dövriyyəsinin həcminin artmasına kömək edəcək müvafiq tədbirlər görülməlidir.
Öz növbəsində, Əhmədov Azərbaycan tərəfinin Qırğızıstanla hərtərəfli əməkdaşlığa hazır olduğunu diqqətə çatdırıb.
Əsədov və Torobayev Qırğızıstan-Azərbaycan İnkişaf Fondunun təsis edilməsində maraqlı olduqlarını bildiriblər. Fond investisiya sahəsində əməkdaşlığın genişləndirilməsinə, işgüzar əlaqələrin möhkəmlənməsinə və kiçik və orta biznesin inkişafına güclü təkan verəcək.
Sonda tərəflər hökumətlərarası komissiyanın 4-cü iclasının Protokolunu imzalayıblar.*
E.Şəfiyev