“SOCAR Methanol” MMC 2022-ci ilin yanvar-iyul aylarında 314,6 min ton metanol istehsal edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 2,1 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Avqustun 1-nə olan vəziyyətə görə, müəssisənin anbarında 42,7 min ton hazır məhsul var.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, 7 ay ərzində “SOCAR Methanol” $81 milyon 332,26 min dəyərində 275 min 194,28 ton metanol ixrac edib. Hesabat dövründə ixracın ümumi həcmində metanolun payı 0,36%, qeyri-neft məhsullarının ixrac həcmində 4,84% təşkil edib.
“SOCAR Methanol” zavodunda əsaslı təmir işlərinin aparılması ilə əlaqədar 2021-ci ilin yanvar ayından aprel ayınadək metanol istehsalı və ixracı həyata keçirilməyib. Müəssisə 2021-ci ilin may ayında fəaliyyətini bərpa edib. DGK 2021-ci ilin may-iyul ayları üzrə ixrac məlumatlarını dərc etməyib.
Bakı şəhərinin Qaradağ rayonunda yerləşən Metanol zavodu “AzMeCo” şirkəti tərəfindən inşa edilib. Zavodun inşasına $500 milyona yaxın sərmayə qoyulub. Zavodun illik istehsal gücü 720 min ton metil spirti təşkil edir.
SOCAR məhkəmənin qərarı ilə Azərbaycan Beynəlxalq Bankından alınaraq “Aqrarkredit” QSC-nin sərəncamına verilmiş müəssisəni sonuncudan 810 milyon manata əldə edib.*
N.Abbasova