2022-ci ilin yanvar-iyul aylarında Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi $1 milyard 872 milyon 764,13 min təşkil edib ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 20,9% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Bu dövrdə Azərbaycanın bütün xarici ticarət dövriyyəsinin 6,23%-i Rusiya ilə ticarət əməliyyatlarının payına düşüb.
Azərbaycan Rusiyaya $472 milyon 340,84 min dəyərində (azalma 2,9%) məhsul ixrac edib. Bütövlükdə, Azərbaycandan ixracın 4,3%-i Rusiyanın payına düşüb. Rusiya Azərbaycan məhsullarının ixrac olunduğu ölkələr arasında 9-cu yerdədir.
Yanvar-iyul aylarında Rusiyadan Azərbaycana idxalın həcmi $1 milyard 400 milyon 423,29 min (artım 31,8%) təşkil edib. Azərbaycana idxalın ümumi həcmində 18,7% Rusiyadan idxalın payına düşüb. Rusiya Azərbaycanın ən çox məhsul idxal etdiyi ölkələr sırasında 1-ci mövqeyini qoruyub.
Beləliklə, bu dövrdə RF ilə idxal-ixrac münasibətlərində Azərbaycanın mənfi saldosu $928 milyon 82,45 min təşkil edib.
2021-ci ilin yekunları üzrə Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi $2 milyard 995 milyon 131,31 min təşkil edib ki, bu da 2020-ci ilin göstəricisindən 12,1% çoxdur.*
X.Nəsirzadə