Avqustun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Monqolustanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Qombosuren Munxbayarın etimadnaməsini qəbul edib.
“İ.Əliyev iqtisadi əlaqələrin genişləndirilməsi üçün ticarətin səviyyəsinin artırılmasının, biznes dairələri arasında təmasların genişləndirilməsinin zəruriliyini qeyd edib və investisiya layihələrinə baxılmasının da mümkünlüyünü bildirib. Dövlət başçısı, eyni zamanda, Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizi imkanları nəzərə alınaraq nəqliyyat sahəsində əməkdaşlıq üçün yaxşı imkanların olduğunu vurğulayıb”, - deyə prezidentin saytında dərc olunmuş məlumatda bildirilir.
Q.Munxbayar Monqolustan Prezidentinin Azərbaycan Prezidentinə onun üçün münasib vaxtda ölkəsinə səfərə dəvətini çatdırıb. İ.Əliyev dəvəti minnətdarlıqla qəbul edib.
“Görüşdə təhsil, turizm, investisiya sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub”, - deyə məlumatda qeyd olunur.*
E.Şəfiyev