Avqustun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənubi Afrika Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri xanım Dipuo Berta Letsatsi-Dubanın etimadnaməsini qəbul edib.
“İ.Əliyev siyasət, iqtisadiyyat, ticarət, investisiya sahələrində əməkdaşlığın fəallaşdırılmasının zəruriliyini qeyd edib. Prezident, eyni zamanda, vurğulayıb ki, siyasi sahədə təmasların çox yaxşı səviyyədə olmasına baxmayaraq, iqtisadi-ticari göstəricilər aşağı həddədir. Dövlət başçısı bu baxımdan iqtisadi əlaqələrin genişləndirilməsi üçün mövcud potensialdan istifadə ediləcəyinə ümidvar olduğunu bildirib”, - deyə prezidentin saytında dərc olunmuş məlumatda qeyd olunur.
Səfir ölkəsinin Azərbaycana regionda və ümumilikdə strateji tərəfdaş kimi münasibət göstərdiyini qeyd edərək, Cənubi Afrika Respublikasının əməkdaşlığımızın daha yüksək səviyyəyə qaldırılmasında maraqlı olduğunu vurğulayıb.
“Söhbət zamanı turizm sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib, iki ölkənin biznes dairələri arasında münasibətlərin yaradılmasının və iqtisadi-ticari əlaqələrin genişləndirilməsinin vacibliyi qeyd olunub”, - deyə məlumatda vurğulanır.*
E.Şəfiyev