Azərbaycan 2022-ci ilin I yarısında dünya bazarlarına 1 min 867,91 kq qızıl ixrac edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 41,2% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
Hesabat dövründə ixrac olunmuş qızılın dəyəri $79 milyon 405,77 min (azalma 26,4%) təşkil edib.
Azərbaycandan $1 milyon 707,76 min dəyərində (artım 51,9%) 2 min 190,4 kq gümüş (artım 50,3%) ixrac edilib.
Qızıl və gümüş ixracının bütün həcmi İsveçrənin payına düşüb.
2021-ci ildə Azərbaycan $202 milyon 523,33 min dəyərində (artım 3,4%) 6 min 83,17 kq qızıl (2020-ci illə müqayisədə artım 42,4%) ixrac edib.
Ötən il $2 milyon 205,75 min dəyərində (azalma 2,2%) 2 min 981,1 kq gümüş (azalma 12,7%) ixrac edilib.
Hazırda Azərbaycanda qızıl hasilatı iki şirkət tərəfindən həyata keçirilir. Azərbaycan 1997-ci il avqust ayının 21-də 6 yatağın işlənməsini nəzərdə tutan müqavilə imzalayıb. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo Asian Mining PLC” şirkətinin payı 49% təşkil edir. Müqavilə üzrə bu yataqlardan 400 ton qızıl hasilatı planlaşdırılır. 2021-ci ilin sentyabr ayında imzalanmış yeni müqaviləyə əsasən 3 yeni müqavilə bloku işlənmək üçün “Anglo Asian Mining” şirkətinə verilib və şirkət bir yatağı işləmək hüququndan imtina edib. Bununla da hazırda şirkət Azərbaycanda 8 müqavilə sahəsini işləmək hüququna malikdir.
Bundan başqa, Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılan “AzerGold” QSC tərəfindən də qızıl və gümüş hasilatı həyata keçirilir.*
N.Abbasova