“Azpetrol” şirkəti Zəngilan rayonunun Ağalı kəndində ilk səyyar (modul) tipli yanacaqdoldurma məntəqəsini istismara verib.
“Avqustun 18-də “Azpetrol” şirkəti işğaldan azad olunmuş Qarabağ torpağında ilk yanacaqdoldurma məntəqəsini istismara verib. Sayca 94-cü və ilk səyyar (modul) tipli yanacaqdoldurma məntəqəsi Zəngilan rayonunun Ağalı kəndi ərazisində yerləşir”, - deyə şirkətin məlumatında bildirilir.
Yeni yanacaqdoldurma məntəqəsində Aİ-92, Aİ-95 və dizel yanacaq növlərinin satışı həyata keçiriləcək.
“Azpetrol” şirkəti Azərbaycanda 1997-ci ildən fəaliyyət göstərir.
Hazırda şirkətin 94 yanacaqdoldurma məntəqəsi, 2 maye qazdoldurma (propan-butan) məntəqəsi, 1 sıxılmış təbii qaz (CNG) terminalı, yanacaq məhsullarının saxlanılması üçün 3 neft bazası, yanacaqdaşıyan maşınlar üçün avtobazası, yanacağın yanacaqdoldurma məntəqələrinə fasiləsiz daşınmasını təmin etmək üçün 100 yanacaq daşıyan avtomobili, minik maşınları üçün avtosahəsi mövcuddur.
Yanacaqdoldurma məntəqələrində 4 sıxılmış təbii qazdoldurma postu, 3 maye qazdoldurma postu və 17 elektromobillərin enerji ilə doldurulma postu, 8 motel, eyni zamanda, müxtəlif xidmətlərin göstərilməsi üçün əksər məntəqələrdə iaşə obyektləri (kafe, avtoyuma, market) fəaliyyət göstərir.
“Azpetrol” şirkətinin ilk yanacaqdoldurma məntəqəsi - “Spartak” 1997-ci il iyulun 15-də Bakı şəhərinin Nəsimi rayonunda açılıb.*
N.Abbasova