2022-ci ilin yanvar-iyul aylarında dövlət əmlakının özəlləşdirilməsindən və icarəyə verilməsindən dövlət büdcəsinə 46,3 milyon manat ($27,2 milyon) məbləğində vəsait daxil olub. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatında deyilir.
“Bu ilin yanvar-iyul ayları ərzində dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə 32,4 milyon manat, icarəyə verilməsindən 13,9 milyon manat vəsait daxil olub”, - deyə məlumatda qeyd olunur.
7 ay ərzində dövlət əmlakının özəlləşdirilməsi üzrə 40 hərrac keçirilib. Hərraclarda 13 səhmdar cəmiyyətinin səhm paketi, 10 kiçik dövlət müəssisəsi və obyekti, 2 yarımçıq tikili və 327 nəqliyyat vasitəsi özəlləşdirilib.
Hesabat dövründə 2252 icarə müqaviləsi (2021-ci ilin yanvar-iyul ayları ilə müqayisədə artım 2,6 dəfə) bağlanılıb. Müqavilələrin 498-i qeyri-yaşayış sahələrinə, 1754-ü isə torpaq sahələrinə dair olub.*
X.Nəsirzadə