Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov Ermənistan tərəfinin Azərbaycanla sərhəddə nəzarət-buraxılış məntəqəsi açmaq qərarını izah edib.
Xəbər verildiyi kimi, Ermənistan Milli Təhlükəsizlik Xidməti Azərbaycanla sərhəddə 3 yeni nəzarət-buraxılış məntəqəsinin yaradılmasına dair qərar layihəsini hökumətə təqdim edib.
Ermənistan hökumətinin hüquqi aktlar üçün vahid saytında dərc olunmuş qərar layihəsinə əsasən, üç nəzarət-buraxılış məntəqəsi (“Sotk” – “Kəlbəcər”, “Yerasx” – “Sədərək” və “Karaunc” – “Eyvazlı”) açılacaq. Bu məntəqələr avtomobil əlaqəsi üçün nəzərdə tutulub.
Qərarın avqustun 25-də hökumətin növbəti iclasında qəbul ediləcəyi gözlənilir.
“Yəqin ki, İrəvan bunu Ermənistan-Azərbaycan sərhədində vəziyyətin normallaşdırılması, gələcəkdə sərhədin açılmasına hazırlıq istiqamətində addım kimi təqdim etməyə çalışacaq. Əslində, sülh müqaviləsi, diplomatik münasibətlər olmadığı üçün Azərbaycan və Ermənistan vətəndaşlarının sərhədi keçməsi hələlik mümkün deyil. Lakin şəxsi avtomobillərlə Ermənistana gedən İran vətəndaşları Erasx-Sədərək sərhəd keçidindən istifadə edə bilərlər. Çünki Naxçıvandan İrəvana gedən yol Mehri və Zəngəzur vasitəsilə dağ yolları ilə getməkdən iki dəfə qısa və daha rahatdır”, - deyə R.Musabəyov Facebook-da yazıb.
Politoloqun sözlərinə görə, Qafan-Gorus avtomobil yolunun Şurnux kəndi ərazisindəki 10 km-lik hissəsi Azərbaycan sərhədçiləri və gömrükçülərinin nəzarətindədir, oradan İran və Ermənistan avtomobilləri keçir. “Əgər Azərbaycanın nəzarət-buraxılış məntəqəsi varsa, Ermənistanın da müvafiq postunun qurulması tamamilə məntiqlidir. O, öz vətəndaşlarının və İran vətəndaşlarının keçməsinə nəzarət etməlidir”, - deyə o qeyd edib.
““Sotk” (“Kəlbəcər”) məntəqəsinə gəlincə, burada qızıl mədənində hər gün bilavasitə sərhəd zolağında Ermənistan vətəndaşları və mədən mülkiyyətçisinin – Rusiyanın “GeoProMining” şirkətinin işçi heyəti işləyir. Erməni işğalı illərində Zod (Söyüdlü - İF-Az) arxa cəbhədə yerləşirdi və sərhəd məntəqəsinə ehtiyac yox idi. Mədənin dörddə üç hissəsi Azərbaycanın nəzarətinə keçəndən və burada bizim sərhədçilərimiz yerləşdirildikdən sonra Ermənistan öz sərhəd infrastrukturunu genişləndirməyə məcbur oldu. Amma sərhədi keçmək üçün yox, sərhədboyu zolaqda işləyən vətəndaşlarına nəzarət etmək üçün”, - deyə R.Musabəyov yazıb.*
R.Əhmədov