Serbiya Azərbaycandan sərfəli şərtlərlə elektrik enerjisi ala biləcək. Bu barədə Serbiya Prezidentinin dəftərxanası ölkə başçısı Aleksandr Vuçiçlə Azərbaycan Prezidenti İlham Əliyev arasında avqustun 21-də baş tutmuş telefon danışığının yekunları üzrə məlumat yayıb.
“İnterfaks-Azərbaycan” agentliyinin verdiyi xəbərə görə, Serbiya Prezidenti kifayət qədər elektrik enerjisi təminatında köməklik üçün Əliyevə müraciət edib və Azərbaycan lideri bu xahişə münasibət bildirərək Serbiyanın Azərbaycandan sərfəli şərtlərlə elektrik enerjisi almasına dair dövlətlərarası sazişin təsdiq edilməsindən söz açıb.
Azərbaycan ilə Serbiya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə Serbiya tərəfinin təşəbbüsü ilə baş tutmuş telefon danışığı zamanı əməkdaşlığın davam etdirilməsi ilə bağlı konkret təkliflər, eləcə də qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
Dövlət başçıları əsrin dörddə biri ərzində Serbiya ilə Azərbaycan arasında yaxşı əməkdaşlığın qurulduğunu, Belqrad-Bakı münasibətlərinin isə strateji tərəfdaşlıq səviyyəsinə çatdığını qeyd ediblər.
Vuçiç Belqradın Bakı ilə dostluq və qarşılıqlı anlaşmaya əsaslanan münasibətləri bundan sonra da inkişaf etdirmək niyyətində olduğunu vurğulayıb.
O, birgə səylərlə xüsusilə energetika və kənd təsərrüfatı kimi sahələrdə əməkdaşlığa təkan vermək üçün azərbaycanlı həmkarını tez bir zamanda Serbiyaya səfər etməyə dəvət edib.
Vuçiç Serbiyanın ərazi bütövlüyünə və suverenliyinə göstərdiyi hörmətə görə Azərbaycana minnətdarlığını bildirib və Belqradın BMT-nin bütün üzvlərinin sərhədlərinin toxunulmazlığına və beynəlxalq hüquqa hörmət prinsiplərinə sadiq olduğunu qeyd edib.*
R.Kərimov