Azərbaycan Mərkəzi Bankı (AMB) 2022-ci ilin I yarısının sonuna notlar vasitəsilə sterilizasiya olunmuş vəsaitin qalığını 750 milyon manat məbləğində qiymətləndirir.
2021-ci ilin sonuna notlar vasitəsilə sterilizasiya olunmuş vəsaitin qalığını 200 milyon manat, 2022-ci ilin birinci rübünün sonuna – 810 milyon manat məbləgində qiymətləndirilib.
“Mərkəzi Bank 2022-ci ilin I yarısında 42 not hərracı keçirib. İyunun sonuna notlar vasitəsilə sterilizasiya olunmuş vəsaitin toplam qalığı 750 milyon manat təşkil edib”, - AMB-nin 2022-ci ilin I yarısı üzrə Pul siyasəti icmalında qeyd olunur.
“İnterfaks-Azərbaycan” agentliyi AMB-yə istinadən məlumat verir ki, yanvar-iyun aylarında notların yerləşdirilməsi üzrə hərraclarda tələbin təklifi üstələməsi müşahidə olunub.
“Son hərraclarda formalaşan gəlirlilik 84 günlük notlar üzrə 2,92%, 168 günlük notlar üzrə 3,5%, 28 günlük notlar üzrə isə 3,78% olub”, - bankdan bildirilir.
AMB-də hesab edirlər ki, Mərkəzi Bankın emissiya etdiyi notlar REPO bazarında təminat qismində istifadə olunmaqla banklararası bazarın aktivləşməsinə müsbət təsir göstərir. Belə ki, yanvar-iyun aylarında banklararası REPO bazarında 1.6 milyard manatlıq 550 əqdin 1.1 milyard manatlıq 229 əqdi Mərkəzi Bankın notları əsasında bağlanıb. **
R.Əhmədov