Azərbaycanda fəaliyyət göstərən bankların xarici öhdəlikləri 2022-ci il iyulun 31-nə 1 milyard 624,5 milyon manat təşkil edir ki, bu da 2021-ci ilin sonuna olan göstəricidən 52,8% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
2022-ci ilin iyul ayında bankların xarici öhdəlikləri 43,4 milyon manat və ya 2,7% artıb.
AMB-nin məlumatına görə, iyulun sonuna Azərbaycan banklarının xalis xarici aktivləri 6 milyard 926,4 milyon manat təşkil edir ki, bu da 2021-ci ilin sonuna olan göstəricidən 19,3% çoxdur.
İyul ayında bankların xalis xarici aktivləri 269,7 milyon manat və ya 4% artıb.
2021-ci ildə Azərbaycan banklarının xarici öhdəlikləri 12,9% azalıb.
Azərbaycan banklarının xarici öhdəlikləri qeyri-rezidentlərdən cəlb edilən kredit və depozitlərdən, qeyri-rezidentlərdə yerləşdirilən qiymətli kağızlardan formalaşır.
İyulun sonuna Azərbaycanda 26 bank fəaliyyət üçün lisenziyaya malik olub.**
R.Əhmədov