2022-ci ilin yanvar-iyul aylarında Azərbaycanda bankların və bank olmayan kredit təşkilatlarının (BOKT) kredit portfeli 10,9% - 18 milyard 985,6 milyon manatadək artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
İyulda bankların kredit portfeli 0,9% və ya 167,4 milyon manat artıb.
İyulun sonuna vaxtı keçmiş kreditlərin həcmi 662,3 milyon manat (hesabat dövründə azalma 8% - İF) və ya bütün kreditlərin 3,5%-ni (2021-ci ilin sonuna 4,2%) təşkil edir.
İyulun 31-nə dövlətin iştirak payına malik olduğu banklar tərəfindən 3 milyard 782.8 milyon manat (artım 13,5%) və ya bütün kreditlərin 19,9%-i, özəl banklar tərəfindən 14 milyard 704,7 milyon manat (artım 10,3%) və ya bütün kreditlərin 77,5%-i həcmində kredit verilib. Qalan 498,2 milyon manat (artım 8,1%) bank olmayan kredit təşkilatlarının payına düşür.
İyunun sonuna verilmiş kreditlərin ümumi həcmindən 14 milyard 645,7 milyon manat (artım 15.3%) milli valyuta, 4 milyard 339,9 milyon manat (azalma 1.9%) xarici valyuta ilə verilib. Bu dövrdə xarici valyuta ilə verilən kreditlərin xüsusi çəkisi 22,9% (2021-ci ilin sonuna 25,8%) təşkil edir.
Bankların kredit qoyuluşlarının strukturunda 3 milyard 115,7 milyon manat (bütün kreditlərin 16,4%-i) ticarət və xidmət sahələrinin, 641 milyon manat (3,4%) mədən sənayesi və elektrik enerjisi, qaz, buxar və su təsərrüfatı sektorunun, 596,9 milyon manat (3,1%) kənd/meşə təsərrüfatı və balıqçılıq sahələrinin, 1 milyard 203,1 milyon manat (6,3%) tikinti və daşınmaz əmlak sahələrinin, 1 milyard 48,2 milyon manat (5,5%) sənaye və istehsal sektorunun, 782,1 milyon manat (4,1%) nəqliyyat və rabitə sahələrinin, 10 milyard 108,7 milyon manat (53,2%) ev təsərrüfatlarının, qalan məbləğ isə digər sektorların payına düşüb. Yanvar-iyul aylarında bankların ev təsərrüfatlarının kreditləşdirilməsi üzrə portfeli 17,4% artıb (iyulda artım 1,9% və ya 186,8 milyon manat təşkil edib).**
R.Əhmədov