2022-ci ilin yanvar-iyul aylarında əhalinin bank əmanətləri (fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin vəsaitləri daxil olmaqla) 17% - 10 milyard 817,2 milyon manatadək artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
İyul ayında əhalinin bank əmanətləri 220,9 milyon manat artıb (iyunda +3 milyon manat).
AMB-nin məlumatına görə, 7 ay ərzində əhalinin xarici valyutada bank əmanətləri 13,8% - 4 milyard 314,3 milyon manatadək və ya bütün əmanətlərin 39,9%-i səviyyəsində artıb (2021-ci ilin yekunları üzrə xarici valyutada əmanətlərin xüsusi çəkisi 41% təşkil edib). İyulda əhalinin xarici valyutada bank əmanətləri 52 milyon manat artıb (iyunda 102,3 milyon manat azalıb).
Yanvar-iyul aylarında əhalinin milli valyutada əmanətlərinin həcmi 19,3% - 6 milyard 502,8 milyon manatadək (bütün əmanətlərin 60,1%-i) artıb. İyul ayında milli valyutada əmanətlərin həcmi 168,9 milyon manat artıb (iyunda +105,3 milyon manat).
Rezidentlərin bank əmanətlərinin həcmi 9 milyard 978,6 milyon manat, qeyri-rezidentlərin – 838,6 milyon manat təşkil edir. Yanvar-iyul aylarında rezidentlərin əmanətlərinin həcmi 11,6%, qeyri-rezidentlərin əmanətlərinin həcmi isə 2,8 dəfə artıb. İyul ayında rezidentlərin əmanətlərinin həcmi 185 milyon manat artıb (iyunda +33,6 milyon manat), qeyri-rezidentlərin 35,9 milyon manat azalıb (iyunda 30,6 milyon manat azalıb).
2022-ci il iyulun 31-nə banklarda əmanət və depozitlərin həcmi 31 milyard 957,3 milyon manat təşkil edir ki, bu da 2021-ci ilin sonuna olan göstəricidən 10,1% çoxdur. İyulda banklarda əmanət və depozitlərin həcmi 459,8 milyon manat azalıb.**
R.Əhmədov