2022-ci ilin yanvar-iyul aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) müvəkkil bankları tərəfindən 235,2 milyon manat məbləğində ipoteka krediti verilib ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 2,1% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
AMB-nin məlumatına görə, 2022-ci ilin 7 ayı ərzində İKZF 193,6 milyon manat məbləğində krediti təkrar maliyyələşdirib (2021-ci ilin yanvar-iyul ayları ilə müqayisədə artım 6,1%).
Yanvar-iyul aylarında Fond ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən 71,3 milyon manat vəsait (artım 2 dəfə) alıb. İyul ayında Fond dövlət büdcsindən 23,8 milyon manat məbləğində vəsait cəlb edib.
Yanvar-iyul aylarında fond istiqrazların yerləşdirilməsindən 130 milyon manat (iyulda yerləşidirlmə aparılmayb) cəlb edib.
Bu dövrdə verilmiş ipoteka kreditinin orta həcmi 56,249 min manat təşkil edib. Kreditlər 282 ay müddətinə və illik 6,31% dərəcəsi ilə verilib.
2021-ci ildə İKZF-nin müvəkkil bankları tərəfindən 356,2 milyon manat məbləğində ipoteka krediti verilib.
Prezident İlham Əliyev 2017-ci il dekabrın 26-da “Azərbaycan İpoteka Fondu” ASC-nin ləğv edilməsi və İpoteka və Kredit Zəmanət Fondunun yaradılması haqqında fərman imzalayıb.
Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 150 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir. İlkin ödəniş 15-25% təşkil edir.
Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimum məbləği 100 min manat təşkil edir, illik faiz dərəcəsi 4%-dən çox deyil. Müddəti 30 ilə qədərdir. İlkin ödəniş 10% təşkil edir.**
R.Əhmədov