Azərbaycan prezidenti İlham Əliyev 2022-ci ildə Qətər Dövlətində təşkil ediləcək Futbol üzrə Dünya Çempionatının keçirildiyi tarixlərdə çempionatla bağlı Qətər Dövlətinə səfəri çərçivəsində Azərbaycan Respublikasına gəlmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında sərəncam imzalayıb. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Sərəncama əsasən, 2022-ci ildə Qətər Dövlətində təşkil ediləcək Futbol üzrə Dünya Çempionatının (2022 FİFA Dünya Kuboku) keçirildiyi tarixlərdə çempionatla bağlı Qətər Dövlətinə səfəri çərçivəsində Azərbaycan Respublikasına gəlmək istəyən və bu sərəncamın müvafiq hissəsində göstərilən sənədlərdən hər hansı birini təqdim edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2022-ci il noyabrın 20-dən dekabrın 20-dək Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza ala bilərlər. Aşağıdakı sənədlərdən biri viza verilməsi üçün əsas hesab edilsin: 2022 FİFA Dünya Kubokunun beynəlxalq təşkilatçıları olan “Q22” Şirkətinin və Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FİFA) müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı və ya akkreditasiyadan keçməni təsdiq edən digər sənəd; futbol komandaları 2022 FİFA Dünya Kubokunda iştirak edən ölkələrin vətəndaşları və həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər üçün oyuna bilet və ya biletin əldə olunmasını təsdiq edən sənəd.
Xarici İşlər Nazirliyinə bu sərəncamın müvafiq hissəsində müəyyən edilən şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə “Q22” Şirkətinə, Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasına (FİFA) və xarici ölkələrin müvafiq orqanlarına məlumat vermək tapşırılır.
Dövlət Miqrasiya Xidməti bu sərəncamın müvafiq hissəsində müəyyən edilən şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə Azərbaycan Respublikasına uçuşlar həyata keçirən aviasiya şirkətlərinə məlumat verməlidir.
Sərəncamın mətni bazar ertəsi dövlət başçısının saytında dərc olunub.
Futbol üzrə Dünya Çempionatının (2022 FİFA Dünya Kuboku) final mərhələsinin 20 noyabr-18 dekabr 2022-ci il tarixlərində Qətər Dövlətində kçeirilməsi planlaşdırılır. **
N.Abbasova