2023-cü ildə Azərbaycanda mobil tətbiqlər vasitəsilə təmassız ödənişlərin payı 40%-ə çata bilər. Bunu “MasterCard”ın Türkiyə və Azərbaycan üzrə regional meneceri Avşar Gürdal deyib.
“Hazırda mobil tətbiqlər vasitəsilə ödənişlərin payı 8% təşkil edir. 2023-cü ildə bu göstəricinin 40%-ə çatacağını gözləyirik. Hesab edirik ki, bu, tamamilə real proqnozdur”, - deyə o, bu gün “Google Pay” sisteminin Azərbaycanda işə salınmasına həsr olunmuş onlayn mətbuat konfransı zamanı bildirib.
“İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, regional menecer qeyd edib ki, hazırda ölkədə elektron ticarətin həcmi 30% təşkil edir. A.Gürdal hesab edir ki, Azərbaycan elektron ticarətin həcminin artırılması üçün böyük potensiala malikdir. “MasterCard” müasir həllər təqdim etməklə təmassız ödənişlərin (“Google Pay” və “MasterPass” sistemləri daxil olmaqla) inkişafına dəstək göstərməyə hazırdır”, - deyə o vurğulayıb.
Regional menecerin sözlərinə görə, gələcəkdə Azərbaycanda elektron ticarətin həcminin artması onlayn biletlərin əldə edilməsi, yerli və xarici mağazalarda onlayn ticarət, onlayn kommunal ödənişlər və s. sektorlar hesabına təmin oluna bilər.
Hazırda ölkədə dövriyyədə olan 12 milyon kartdan 9 milyonu təmassız kartlardır, rəqəmsal ödənişlərin payı 6%-dən 20%-dək artıb. A.Gürdalın sözlərinə görə, şirkət bu göstəricinin 50%-ə çatdırılmasına töhfə vermək niyyətindədir. “Biz bu istiqamətdə həm Mərkəzi Bank, həm də yerli banklarla fəal şəkildə işləyirik”, - deyə o vurğulayıb.*
X.Nəsirzadə