Azərbaycan, Türkiyə və Gürcüstanın nəqliyyat sahəsi üzrə məsul nazirləri Şərq-Qərb nəqliyyat dəhlizinin (Middle Corridor və ya Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) inkişafını müzakirə ediblər. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin məlumatında deyilir.
“Azərbaycan, Türkiyə və Gürcüstanın nəqliyyat sahəsi üzrə məsul nazirləri Tbilisidə keçirilmiş üçtərəfli görüşdə Orta Dəhlizin potensialından geniş istifadə olunması və bu dəhlizin bir hissəsi kimi Bakı-Tbilisi-Qars dəmir yolunun ötürmə qabiliyyətinin artırılması, tranzit yükdaşımaları ilə bağlı vahid tarif siyasətinin formalaşdırılması məsələlərini müzakirə ediblər”, - deyə məlumatda bildirilir.
Tərəflər tranzit yük axınlarının sabit artımını təmin etmək üçün müştərək əməliyyatların sinxronlaşdırılmasının vacibliyini vurğulayıb və Orta Dəhlizə marağın artdığını qeyd ediblər. 2022-ci ilin yanvar-iyun aylarında dəhlizlə ötən ilin müvafiq dövrü ilə müqayisədə 15% çox yük daşınıb.
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu layihəsi Xəzər regionu ölkələrinin tranzit potensialının artırılması və inkişafına xidmət edir. Bu marşrut Çin-Qazaxıstan sərhədindən başlayaraq Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə Avropa ölkələrinə qədər uzanır. Layihənin reallaşdırılmasına 2013-cü ildə başlanıb. Bakı-Tbilisi-Qars dəmir yolu yüklərin Çindən Avropaya çatdırılma müddətini 3 dəfə azaltmağa imkan verən dəhlizin bir hissəsidir.*
N.Abbasova