Qazaxıstan öz neftinin Azərbaycan ərazisindən nəqli ilə bağlı danışıqlar aparır. Bunu “KazMunayQaz” şirkətinin İdarə Heyəti sədrinin iqtisadiyyat və maliyyə üzrə müavini Dauren Karabayev deyib.
“Azərbaycan tərəfi ilə Qazaxıstan neftinin nəqli ilə bağlı müzakirələr müxtəlif səviyyələrdə, o cümlədən dövlət və milli şirkətlər səviyyəsində aparılır. Detallar hələ razılaşdırılmalıdır”, - deyə o, bu gün keçirilən brifinqdə bildirib.
Karabayevin sözlərinə görə, Azərbaycanın iki neft kəməri var: Bakı-Tbilisi-Ceyhan (BTC) və Bakı-Supsa. Bu kəmərlərdən Qazaxıstan neftinin nəqli üçün istifadə oluna bilər.
Daha əvvəl KİV-lərin mənbələrə istinadən verdiyi xəbərə görə, Qazaxıstan bu payızdan etibarən BTC ilə ildə 1,5 milyon ton neft nəql etməyi planlaşdırır. Avqustun sonunda “KazMunayQaz” və SOCAR arasında müvafiq müqavilə imzalana bilər, bir ay sonra isə BTC ilə Qazaxıstan neftinin nəqlinə başlanılacaq. 2023-cü ildə isə Azərbaycanın digər boru kəməri ilə ildə 3,5 milyon ton Qazaxıstan nefti Gürcüstanın Supsa limanına daxil ola bilər.*