Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 25-də Koreya Respublikası Prezidentinin xüsusi nümayəndəsi, Busan şəhərinin “Ekspo 2030” Ümumdünya Sərgisinə ev sahibliyinə namizədliyini dəstək üzrə Xüsusi Komitənin sədri So Byoq Sunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə dövlət başçısının saytında məlumat verilib.
Prezident İlham Əliyev Koreya şirkətlərinin uzun illər Azərbaycanda çox uğurla fəaliyyət göstərdiklərini, bir neçə önəmli sənaye layihəsini icra etdiklərini və inşaat sektorunda da çox fəal olduqlarını, Bakının bir neçə “göydələn”inin memarlığının da Koreya şirkətləri tərəfindən təqdim edildiyini deyib.
Dövlət başçısı siyasi və iqtisadi əlaqələrin daha da fəallaşmasının zəruriliyini bildirib, parlamentlərarası əməkdaşlığın ikitərəfli münasibətlərin inkişafında rolunu vurğulayıb.
Prezident İlham Əliyev erməni işğalından azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda Azərbaycanın genişmiqyaslı bərpa və yenidənqurma layihələri həyata keçirdiyini deyib, Koreya şirkətlərinin müasir texnologiyalar vasitəsilə bu işlərə töhfə verə biləcəyini qeyd edib.*
X.Nəsirzadə