Azərbaycan Respublikasının baş naziri Əli Əsədov və Qırğızıstanın baş naziri Akılbek Japarov Avrasiya Hökumətlərarası Şurasının iclası çərçivəsində görüşüblər.
“Cari ilin yazında Qırğızıstan Prezidentinin Azərbaycana rəsmi səfəri iki ölkə arasında münasibətləri keyfiyyətcə yeni strateji tərəfdaşlıq səviyyəsinə qaldırıb ki, bu da dövlətlərimiz arasında yeni əməkdaşlıq imkanları açır. İki ölkə liderlərinin tapşırığı ilə cari ilin avqust ayının 16-da Bakı şəhərində Hökumətlərarası Birgə Komissiyanın növbəti iclası uğurla keçirilib. Əmin etmək istəyirəm ki, Qırğız Respublikası Azərbaycan Respublikası ilə ikitərəfli münasibətlərin dərinləşdirilməsi və genişləndirilməsi kursuna tam sadiqdir”, - deyə Japarov bildirib.
“İnterfaks-Azərbaycan” agentliyi Qırğızıstan hökumətinin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, Japarov 2023-2024-cü illərdə iki respublikada mədəniyyət dekadasının keçirilməsi, Bakı şəhərində böyük qırğız yazıçısı Çingiz Aytmatovun xatirəsinin əbədiləşdirilməsi, qırğız tələbələrə Azərbaycanın ali məktəblərində (o cümlədən aqrar, sərhəd, neft və diplomatik istiqamətlər üzrə) təhsil kvotalarının verilməsinin ölkələrimiz arasında strateji əməkdaşlıq ruhuna kömək edəcəyinə əminliyini bildirib.
Öz növbəsində, Əsədov qarşılıqlı faydalı əməkdaşlığın daha da möhkəmləndirilməsinə və dərinləşdirilməsinə hazır olduğunu qeyd edib.*
R.Əhmədov