Şənbə günü Azərbaycan prezidenti İlham Əliyev Pakistanda daşqınlar nəticəsində insan tələfatı ilə əlaqədar bu ölkənin prezidenti Arif Alviyə başsağlığı verib.
“Ölkənizdə baş vermiş şiddətli yağışlar və daşqınlar nəticəsində çoxsaylı insan tələfatı və irimiqyaslı dağıntılar barədə xəbər bizi olduqca kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Pakistan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram”, - dövlət başçısının saytında dərc olunan məktubda deyilir.
Xəbər verildiyi kimi, yay aylarında Pakistanda daşqınlar nəticəsində 900 nəfərdən artıq şəxs həlak olub.
Yerli hökumətin məlumatına əsasən, təxminən 3 min km yol və 129 körpü zədələnib, daha çox ziyan dəymiş ərazilərə giriş bağlanıb, 500 mindən çox mal-qara tələf olub.
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin məlumatına görə, iyunun ortlarından Pakistanda 2,3 milyon nəfər daşqınlardan zərər çəkib, 95 mindən artıq ev dağıdılıb. **
R.Kərimov