Ermənistan-Azərbaycan normallaşması prosesinin irəliləməsi üçün hər hansı vasitəçilik mexanizminə deyil, daha çox asanlaşdırıcı addımlara ehtiyac var. Bu barədə Azərbaycan prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bəyan edib.
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilk növbədə ikitərəfli prosesdir. Prosesin də irəli getməsi üçün hər hansı vasitəçilik mexanizminə yox, asanlaşdırıcı addımlara ehtiyac var”, - Hacıyev şənbə günü jurnalistlərə bildirib.
Onun sözlərinə görə, hazırda Rusiya və Avropa İttifaqı Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması üçün müəyyən səylər göstərir və Azərbaycan bunda maraqlıdır.
Hacıyev əlavə edib ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallşamasının gündəliyində duran məsələlər sülh müqaviləsi, sərhədlərin delimitasiyası, minatəmizləmə, nəqliyyat məsələləri, itkin düşmüş şəxslər və mina kimi problemlərdir. “Bunlara ilk növbədə Ermənistan tərəfi reaksiya verməlidir”, - Azərbaycan prezidentinin köməkçisi vurğulayıb. **
R.Əhmədov