Azərbaycan Pakistana şiddətli yağışların və daşqınların nəticələrinin aradan qaldırılması üçün $2 milyon məbləğində yardım göstərəcək. Bu barədə şənbə günü Azərbaycan hökumətindən məlumat verilib.
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına müvafiq olaraq, Pakistan İslam Respublikasında çoxsaylı insan tələfatı və irimiqyaslı dağıntılara səbəb olmuş şiddətli yağışların və daşqınların nəticələrinin aradan qaldırılması məqsədilə Azərbaycan Hökuməti tərəfindən bu ölkəyə 2 milyon ABŞ dolları məbləğində yardım göstəriləcək”, - məlumatda deyilir.
İyunun ortalarından etibarən Pakistanda daşqınlar 937 nəfərin ölümünə səbəb olub, onların üçdə birindən çoxu uşaqlardır. Ölkə hakimiyyəti fövqəladə vəziyyət elan edib.
BMT-nin Pakistana yardım üçün 3 milyon dollar ayıracağı bildirilib.
Pakistanda musson yağışları adətən iyulda başlayır, lakin bu il leysan yağışlar iyun ayında yağaraq daşqınlara səbəb olub. **
R.Kərimov