Azərbaycan Müdafiə Nazirliyi bazar günü məlumat verib ki, Laçın şəhəri, Zabux və Sus kəndlərində hərbi polisin xidməti fəaliyyəti təşkil edilib.
“Azərbaycan Ordusunun hərbi polis bölmələrinin Laçın şəhəri, Zabux və Sus kəndlərində xidməti fəaliyyəti təşkil edilib. Qeyd olunan ərazilərdə hərbi polis tərəfindən təhlükəsizlik fəaliyyətləri həyata keçirilir”, - məlumatda deyilir.
Bildirilir ki, yaşayış məntəqələrində yeni qurulan stasionar və səyyar postlarda sutkalıq xidmət təşkil olunur, buraxılış rejimi, həmçinin xidmət və döyüş növbətçiliyi zamanı hərbi qulluqçular tərəfindən günün nizam qaydalarının yerinə yetirilməsinə nəzarət edilir.
MN-nin məlumatına əsasən, nəzarət-buraxılış məntəqələrində patrul xidməti həyata keçirilir, obyektlər mühafizə olunur, əraziyə daxil olan texnikanın uçotu aparılır, hərbi nəqliyyat vasitələrinin hərəkəti istiqamətləndirilir, həmçinin kolonların təhlükəsizliyi məqsədilə onlar müşayiət edilir.
Bundan əlavə hərbi polisin tabeliyində fəaliyyət göstərən Kinologiya Mərkəzində xüsusi təlim keçmiş cins itlərinin cəlb edilməsilə ərazidə mina axtarış tədbirləri və qarovul xidmətinin təşkili həyata keçirilir.
Xəbər verildiyi kimi, Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə keçib. **
R.Kərimov